Xəbərlər
Prezident Əliyev ABŞ-yə çatıb

Azərbaycan prezidenti İlham Əliyev ABŞ prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona işgüzar səfərə gedib.
Avqustun 8-də Azərbaycan prezidenti və Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ-nin paytaxtı Vaşinqtonda görüşəcəklər.
Əliyevlə Paşinyan 2020-ci il 44 günlük müharibədən sonra ilk dəfə Ağ evdə bir araya gəlirlər. İndiyədək iki ölkə arasında ABŞ vasitəçiliyi ilə xarici işlər nazirləri çərçivəsində bir neçə görüş keçirilib.
D.Trampın iki ölkə lideri ilə ayrı-ayrılıqda görüşləri planlaşdırılır.
Əliyev və Paşinyan ötən ay Birləşmiş Ərəb Əmirliklərində görüşüblər, amma sonucda heç bir yekun qərar elan olunmayıb.
Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib.
Son illər iki ölkə arasında müxtəlif formatlarda danışıqlar aparılsa da, hələlik, sülh sazişi imzalanmayıb. Bununla belə, tərəflər bu ilin martında saziş üzrə bütün maddələrin razılaşdırıldığını açıqlayıblar.
ABŞ rəsmilərinin "Kyiv Post" nəşrinin Vaşinqton müxbiri Alex (Ələkbər) Raufoğluna dediklərinə görə, avqustun 8-də imzalanacaq sülh razılaşmasının əsas hissəsi Tramp Beynəlxalq Sülh və Rifah Marşrutudur (TRIPP) ki, bu da Ermənistanın cənubundan keçməklə Azərbaycanla Naxçıvan eksklavı arasında maneəsiz əlaqəni təmin edəcək.
Avqustun 8-də Əliyevlə Paşinyan Ağ evdə bir sıra sənədləri – birgə bəyannaməni, Minsk qrupundan çıxmaqla bağlı birgə məktub imzalayacaqlar. Azərbaycan və Ermənistan xarici işlər nazirləri aylardır müzakirə olunan ikitərəfli sülh sazişinin mətnini paraflayacaqlar.
WP: Dövlət Departamenti Rusiyada insan haqları ilə bağlı hesabatı yumşaldıb

ABŞ Dövlət Departamenti Rusiya, İsrail və El-Salvadorda insan hüquqlarının vəziyyəti ilə bağlı hesabatı yumşaldıb. Bu barədə "The Washington Post" sənədin ilkin versiyasına istinadən yazıb.
Nəşrin xəbərinə görə, yeni hesabat ötənilki versiya ilə müqayisədə xeyli qısaldılıb və ton baxımından daha yumşaq olub. Sənəddən, xüsusilə, Rusiyada LGBT icmasının təqibinə dair qeydlər çıxarılıb, halbuki bu ölkədə Ali Məhkəmə daha əvvəl "beynəlxalq ictimai LGBT hərəkatı"nı qadağan edib, LGBT üzvlərinə qarşı ölkə üzrə reydlər və həbslər həyata keçirilib.
Hesabatın El-Salvadora aid hissəsində bildirilib ki, 2024-cü ildə bu ölkədə ciddi pozuntularla bağlı etibarlı məlumatlar qeydə alınmayıb. Ancaq əvvəlki hesabatda qətllər, işgəncələr və həbsxanalarda pis şərait kimi hallar sənədləşdirilmişdi.
Sənədin İsrailə aid bölməsində isə korrupsiya, məhkəmələrin müstəqilliyi və fələstinlilərin izlənilməsi ilə bağlı mövzulara yer verilməyib.
Dövlət Departamenti məsələ ilə bağlı rəsmi şərh verməyib. Dövlət Departamentinin adı açıqlanmayan əməkdaşı bildirib ki, hesabatın strukturu oxunaqlılığı artırmaq və təkrarları aradan qaldırmaq məqsədilə dəyişdirilib. Baxmayaraq ki, sözügedən sənəd fevralda ABŞ Konqresinə təqdim edilməli idi, o, hələ dərc olunmayıb.
ABŞ hərbçisi 'Abrams' tankı ilə bağlı məlumatları Rusiyaya ötürməyə cəhddə ittiham olunur

ABŞ-nin Texas ştatında 22 yaşlı hərbi qulluqçu Teylor Adam Li həbs olunub. ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, ona qarşı "M1A2 Abrams" tankının zəif tərəfləri barədə məxfi məlumatları ötürməyə cəhd ittihamı irəli sürülüb.
İstintaqın versiyasına görə, 2025-ci ilin iyununda yüksəksəviyyəli məxfi rejimə çıxışı olan Li tankla bağlı məlumatları onlayn şəkildə göndərib və Rusiyaya kömək təklif edib. Yazışmalarında o, Rusiya Federasiyasına "könüllü şəkildə" yardım etməyə razı olduğunu bildirib.
İyulda 22 yaşlı hərbçi Rusiya hökumətinin nümayəndəsi olduğunu düşündüyü şəxslə görüşüb və ona məxfi məlumatların olduğu flaşkartı təqdim edib. Görüş zamanı tankın bir detalının ötürülməsi müzakirə olunub. Ayın sonunda Li həmin detalı Texasdakı anbara çatdırıb və qarşı tərəfə tapşırığın yerinə yetirildiyini bildirib.
Federal Təhqiqat Bürosunun əks-kəşfiyyat departamentinin direktorunun müavini Roman Rojavskinin sözlərinə görə, Li ötürdüyü məlumatlar qarşılığında Rusiya vətəndaşlığı alacağına ümid edib və əlaqə qurduğu şəxsin Rusiya kəşfiyyatının nümayəndəsi olduğuna inanıb.
2023-cü ilin payızında ABŞ Ukraynaya 31 ədəd "M1A1 Abrams" tankı verib. "The New York Times" qəzetinin xəbərinə görə, 2025-ci ilin yazına qədər bu tanklardan 19-u Rusiya ordusu tərəfindən ya məhv edilib, ya zədələnib, ya da ələ keçirilib.
Gürcüstanda qadın jurnalistə 2 il həbs verildi

Tanınmış gürcü jurnalisti, "Netqazeti" və "Batumelebi" müstəqil media qurumlarının təsisçisi Mzia Amaqlobeli 2 il müddətinə azadlıqdan məhrum edilib. Hüquq fəalları bu həbsin siyasi motivli olduğunu bildiriblər.
Batumi şəhər Məhkəməsinin hakimi Nino Saxelaşvili avqustun 6-da Amaqlobelini yanvarda keçirilən Avropayönlü etiraz aksiyasında hüquq-mühafizə orqanı əməkdaşına müqavimət göstərməkdə və ya ona qarşı zorakılıq tətbiq etməkdə təqsirli bilərək hökm oxuyub.
Amaqlobeli əvvəlcə daha ağır cinayət - polis əməkdaşına hücumda ittiham olunsa da, sonradan bu ittiham azaldılıb. Hakimiyyət orqanları iddia edir ki, o, Batuminin polis rəisi İrakli Dqebuadzeyə şillə vurub. Amaqlobeli bu ittihamı rədd edir və bildirir ki, Dqebuadze onu təhqir edib və üzünə tüpürüb, bu da onun instinktiv reaksiya verməsinə səbəb olub. Müdafiə tərəfi bildirir ki, ittihamı dəstəkləyən obyektiv sübut yoxdur və hökmdən apellyasiya şikayəti verməyi planlaşdırır.
Gürcüstanda mediaya təzyiqlər
Qlobal insan hüquqları, jurnalist təşkilatları Amaqlobelinin həbsini Gürcüstanda media azadlığına qarşı daha genişmiqyaslı təzyiqlərin bir hissəsi kimi pisləyiblər. Avropa Parlamenti iyunun 19-da qəbul etdiyi qətnamədə Amaqlobelini dərhal azadlığa buraxmağa çağırıb və Gürcüstan hökumətini müstəqil mediaya qarşı sistematik hücumlarda ittiham edib.
Gürcüstan rəsmiləri beynəlxalq tənqidlərə cavab verərək bildirib ki, Amaqlobeliyə qarşı işin onun jurnalistika fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur. Onlar həmçinin Avropa İttifaqını Gürcüstanın daxili işlərinə qarışmaqda ittiham ediblər.
Məhkəmədəki son ifadəsində Amaqlobeli həmkarlarına və beynəlxalq tərəfdaşlarına həmrəyliklərinə görə təşəkkür edərək bildirib ki, onun işi Gürcüstanda mətbuat azadlığı uğrunda daha geniş mübarizəni əks etdirir.
Tramp Rusiyadan neft aldığına görə Hindistana əlavə rüsum qoydu

ABŞ prezidenti Donald Tramp birbaşa və ya dolayı yolla Rusiyadan neft aldığı üçün Hindistandan idxala əlavə 25 faizlik gömrük rüsumu tətbiq etməklə bağlı sərəncam imzalayıb. Hindistan Xarici İşlər Nazirliyi (XİN) cavab olaraq bildirib ki, "milli maraqları qorumaq üçün bütün tədbirləri görəcək".
Hindistana münasibətdə əvvəllər 25 faizlik idxal rüsumu qüvvədə idi. Bununla da, Hindistan mallarına ümumi tariflər 50 faizə yüksəldilib.
Sərəncamın 21 gün sonra qüvvəyə minəcəyi bildirilir.
"Hindistan nəinki böyük miqdarda Rusiya nefti alır, həm də onun böyük hissəsini açıq bazarda böyük qazancla satır", - Tramp avqustun 4-də özünün "Truth Social" hesabında yazırdı. "Ukraynada Rusiyanın döyüş maşınından nə qədər insanın həlak olması onları maraqlandırmır".
Elə həmin gün Hindistan ABŞ və Avropa İttifaqını (Aİ) Rusiya ilə ticarətdə ikili standartlarda ittiham edib. Hindistan XİN-in bəyanatında deyilir ki, Vaşinqton və Brüssel Rusiya ilə ticarəti davam etdirir, baxmayaraq ki, onlar üçün bu, "həyati zərurət məsələsi deyil". Vurğulanır ki, ABŞ Co Baydenin prezidentliyi dövründə qlobal enerji bazarlarının sabitliyini möhkəmləndirmək üçün Hindistanın Rusiya neftini almasını "aktiv şəkildə" təşviq edib. Aİ-nin Rusiya ilə ikitərəfli ticarətinin miqyası Hindistanınkından daha yüksəkdir, - XİN əlavə edir.
Hindistan Rusiya neftinin ən böyük alıcılarından biridir. Onun əhəmiyyətli bir hissəsi neft məhsullarına çevrilir və sonra digər ölkələrə göndərilir. Xüsusilə Hindistan Aİ-yə ən böyük neft məhsulları ixracatçısına çevrilib.
Komissiya: Qonşu dövlətlərin birindən Azərbaycana qarşı informasiya kampaniyası davam edir

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası qonşu dövlətlərdən birinin ərazisindən Azərbaycana qarşı qeyri-dost fəaliyyətlərin Facebook sosial şəbəkəsi vasitəsilə davam etdiyini bildirir.
Açıqlamada deyilir ki, bir sıra səhifələr vasitəsilə Facebook-da "geosiyasi manipulyasiya xarakterli məlumatlar" paylaşılandan sonra istifadəçilərdən Telegra.ph kimi platformalara keçid etməkləri istənilir ki, "bu da öz növbəsində bir sıra istifadəçi məlumatlarının (IP ünvan, istifadə olunan cihaz və s.) ələ keçirilməsinə səbəb ola bilər".
Komissiya "Meta" şirkətinə müraciətlər nəticəsində Azərbaycana qarşı fəaliyyət göstərən həmin səhifələrin bağlanmasına nail olunduğunu da vurğulayır.
Açıqlamada konkret ölkə adı çəkilməyib.
Mayda isə sözügedən komissiya ilin əvvəlində Azərbaycanın bir sıra media resurslarına kiberhücumun Rusiyadan qaynaqlandığını, hücumun texniki cəhətdən peşəkar səviyyədə gerçəkləşdirildiyi açıqlanmışdı.
Son bir aydan artıq müddət ərzində Rusiya ilə yaranan siyasi gərginlik fonunda Rusiyada müxtəlif xəbər kanalları, şəxslər tərəfindən Azərbaycana və azərbaycanlılara qarşı informasiya kampaniyası başladıldığı bildirilirdi.
Azərbaycanla Rusiya arasında gərginlik Yekaterinburqda azərbaycanlılara qarşı zorakı polis reydi və iki nəfərin həlak olmasından sonra başlanıb. Ən son informasiya Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin saxlanması ilə bağlıdır.
Rusiya Azərbaycan qazını Ukraynaya ötürən kompressor stansiyasını vurub [Video]

Rusiya dronları avqustun 6-sı gecə saatlarında Ukrayna-Rumıniya sərhədi yaxınlığında, Odessa vilayətində Ukraynanın Qazötürmə Sistemi Operatorunun kompressor stansiyasına hücum edib. Bu barədə Ukraynanın Energetika Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu kompressor stansiyası Yunanıstanın LNG terminallarını Trans-Balkan boru kəməri vasitəsilə Ukraynanın qaz anbarları ilə birləşdirən marşruta daxildir, bu marşrutla artıq ABŞ-dən mayeləşdirilmiş təbii qaz (LNG) və sınaq həcmində Azərbaycan qazı tədarük olunur.
"Bu tədarükləri təmin edən avadanlıq dünən gecə onlarla zərbə dronunun hücumuna məruz qalıb. Bu, Rusiyanın sırf mülki infrastruktura, enerji sektoruna, eləcə də Azərbaycan, ABŞ və Avropadakı tərəfdaşlarımızla münasibətlərə qarşı hücumudur", - Ukraynanın Energetika Nazirliyi bildirib.
Qeyd olunub ki, mütəxəssislər hücumun nəticələrini qiymətləndirmək üçün hadisə yerində işləyir.
"Trans-Balkan marşrutunun əsas kompressor stansiyasına qarşı Rusiyanın irimiqyaslı dron hücumu göstərir ki, Moskva avropalıların enerji müstəqilliyini və alternativ qaz təchizatı marşrutlarını məhv etmək üçün mövcud olan bütün vasitələrdən və təzyiq alətlərindən istifadə edəcək", - Ukraynanın energetika naziri Svetlana Qrinçuk deyib.
İyulda Ukraynanın "Naftoqaz Ukrainı" milli səhmdar cəmiyyəti Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə qaz alqı-satqısına dair ilk müqavilə imzalayıb.
Serbska Respublikası prezidentinin mandatı ləğv edilib

Bosniya və Herseqovinanın Mərkəzi Seçki Komissiyası avqustun 6-da ölkə tərkibindəki muxtar qurum olan Serbska Respublikasının prezidenti Milorad Dodikin səlahiyyətlərinə xitam verilməsi barədə yekdil qərar qəbul edib.
Qərardan iki gün ərzində apellyasiya şikayəti verilə bilər. Əgər qərar qüvvəyə minərsə, 90 gün ərzində Serbska Respublikasının yeni rəhbərinin seçilməsi üçün növbədənkənar seçki təyin olunacaq.
Dodik seçki komissiyasının qərarına sərt reaksiya verib. O, X sosial şəbəkəsində yazıb: "Təslim olmaq və geri çəkilmək variantları yoxdur".
Dodik vurğulayıb ki, o, vəzifəyə başlayarkən Serbska Respublikası vətəndaşlarının maraqlarını qoruyacağına and içib və Bosniya və Herseqovina Mərkəzi Seçki Komissiyasına tabe olmayacaq.
Fevralda Sarayevo məhkəməsi Dodiki qiyabi olaraq 1 il müddətinə azadlıqdan məhrum edib və 6 il müddətinə onun siyasi fəaliyyətinə qadağa qoyub. Dodik Konstitusiya Məhkəməsinin və beynəlxalq birliyin Bosniya üzrə ali nümayəndəsi Kristian Şmidtin qərarlarına məhəl qoymamaqda təqsirli bilinib.
Dodik isə ona qarşı çıxarılan məhkəmə və siyasi qərarları "Serbska Respublikasına qarşı hücum" adlandırır və erkən seçkilərin keçirilməsinə icazə verməyəcəyini deyir.
M.Dodikə qarşı cinayət işi 2023-cü ildə onun Serbska Respublikasında Bosniya və Herseqovina Konstitusiya Məhkəməsinin hökmlərinin və ali beynəlxalq nümayəndənin qərarlarının icrasını qadağan edən qanunu imzalamasından sonra başlanıb.
Dodik özünü təqsirli saymayıb və məhkəmə hökmündən sonra da Bosniyanın federal polisi və məhkəmə sisteminin nümayəndələrinin Serbska Respublikası ərazisinə daxil olmasını qadağan edən qanunların qəbulunda rol oynayıb. Daha sonra həmin qanunlar Bosniya və Herseqovinanın Konstitusiya Məhkəməsi tərəfindən ləğv edilib.
Dodiklə bağlı qərar Bosniya və Herseqovinada 1990-cı illərdən bəri ən ciddi gərginliyə səbəb olub.
M.Dodik Rusiyaya yaxın mövqeyi ilə tanınır. O, separatçı və anti-Avropa ritorikası, korrupsiya və səlahiyyətdən sui-istifadə şübhələri, beynəlxalq sülhməramlı səylərə mane olduğu üçün ABŞ və Böyük Britaniya sanksiyalarına məruz qalıb.
2024-cü ildə Dodik Srebrenitsa qətliamını soyqırımı kimi tanıyan BMT qətnaməsini tanımaqdan imtina edib.
İran: İsrailə casusluqla bağlı edam hökmləri artır

İranın ədliyyə sisteminə bağlı "Mizan" xəbər agentliyinin yaydığı xəbər görə, İsrailə casusluqda və İslam Respublikasına İsrailin iyunda həyata keçirdiyi hücumlarda öldürülən nüvə alimi barədə məlumat ötürməkdə ittiham olunan şəxs avqustun 6-da edam edilib.
Xəbərdə bildirilib ki, Ruzbeh Vadi adlı həmin şəxs İranın "vacib və strateji əhəmiyyətli" qurumlarından birində çalışırmış.
Bu il İsrailə casusluqda təqsirli bilinən iranlıların edamlarında artım müşahidə olunub. "Reuters" yazır ki, son aylarda İranda bu ittihamla azı səkkiz ölüm hökmü icra edilib.
Rüşvət almaqda təqsirləndirilən gömrükçülərin işi məhkəməyə göndərilib

Rüşvət alaraq gömrük sərhədindən malların keçirilməsinə şərait yaratmaqda təqsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib.
Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin vəzifəli şəxsləri və qaçaqmalçılıq cinayətini törətməkdə təqsirləndirilən digər şəxslərlə bağlı cinayət işinin ibtidai istintaqı yekunlaşıb.
Baş Prokurorluğun mətbuat xidməti bildirir ki, Xaçmaz Gömrük İdarəsinin vəzifəlisi Hidayət Məmmədov keçmiş əməkdaş Bayram Məmmədovla cinayət əlaqəsinə girərək 427 min manatdan artıq dəyərdə elektron siqaretlərin gömrük sərhədindən nəzarətsiz keçirilməsinə şərait yaradıb. Bunun qarşılığında 3 min manat rüşvət alındığı iddia olunur. Həmin məhsul aksiz markası ilə markalanmalı olduğu halda, markalanmayıb. Bu hadisənin ötən ilin dekabrında baş verdiyi bildirilir.
Bu ilin martında isə 291 min manatdan artıq dəyərində aqrokimyəvi dərman və qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən dərman vasitələrinin qaçaqmalçılıq yolu ilə keçirilməsinə şərait yaradıldığı vurğulanır. Bu zaman da 3 min manat məbləğində rüşvət alındığı bildirilir.
Təqsirləndirilənlərə qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar rüşvət alma, ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və digər maddələr üzrə ittihamlar irəli sürülüb. Bu maddələrdə maksimum 12 ilədək həbs cəzası nəzərdə tutulub.
Təqsirləndirilənlərin bəziləri barəsində həbs, bəzilərində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.
Özlərinin, vəkillərinin ittihamlara münasibəti bəlli deyil.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Bundan əvvəl də bəzi gömrük işçiləri qaçaqmalçılıqda ittiham olunublar. Amma sonucda şərti cəza alanlar olub. Dubaydan Azərbaycana 190 min manatdan çox dəyəri olan qızıl külçələr gətirib onu hava limanında gömrük nəzarətindən kənar ölkəyə keçirməkdə suçlanan üç nəfər 11 ay həbsdə saxlandıqdan sonra iyulun 25-də məhkəmə zalından azadlığa buraxılıblar.
Ailəsi Nazim Bəydəmirlinin təcili xəstəxanaya köçürülməsini tələb edir

Həbsdə olan keçmiş deputat Nazim Bəydəmirlinin ailəsi onun təcili xəstəxanaya köçürülməsini, normal müalicə almasını tələb edir. N.Bəydəmirlinin həyat yoldaşı Fəridə Bəydəmirli avqustun 5-də həbsdə onu ziyarət etdiyini, dərmanlar apardığını deyir.
"Üzünün rəngi qaralmış və çox halsız idi, demək olar, danışmağa taqəti yox idi. Hər gecə hərarətinin olduğunu bildirdi. Dayanmadan tərləyirdi. Saturasiyasını ölçdüm, 92-ə düşüb, ürək döyüntüsü 93 idi", – F.Bəydəmirli sosial şəbəkədə yazıb.
Penitensiar Xidmət keçmiş deputatın səhhəti ilə bağlı açıqlama yaymayıb.
4 avqust
Nazim Bəydəmirlinin həbsdə səhhətinin pisləşdiyi bildirilir
Keçmiş deputat Nazim Bəydəmirlinin həbsdə səhhətinin pisləşdiyi xəbər verilir. Bu haqda onun həyat yoldaşı Fəridə Bəydəmirli məlumat yayıb. Onun dediyinə görə, N.Bəydəmirlini müayinə edən həkim onun sətəlcəm olduğunu, təcili antibiotik müalicəsinə başlamaq gərəkdiyini söyləyib.
N.Bəydəmirli xəstələnməsini duş qəbul edəndən sonra cəzaçəkmə müəssisəsinin rəis müavininin onu kondisionerli otaqda saxlaması ilə izah edib. Rəis müavini keçmiş deputatın niyə sıra baxışına çıxmadığını soruşub, o isə izah edib ki, ürəyində "impulsiv blokada" olduğundan qanun kəskin isti havalarda, günəşin altında olmasına imkan vermir.
"Nazim ağır korona keçirib, ciyərləri 45 faiz yoluxmuşdur. Yenidən ciyərlərinin soyuqlaması onun həyatına son verə bilər", – həyat yoldaşı F.Bəydəmirli yazıb.
Məsələ ilə bağlı Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.
N.Bəydəmirli 2023-cü ilin iyulundan həbsdədir. O, əmlaka sahib olmaq məqsədilə hədə-qorxu ilə tələb etmədə təqsirli bilinsə də, özü ittihamı uydurma adlandırıb. Ona 8 il həbs cəzası kəsilib. N.Bəydəmirli 2005-2010-cu illərdə Gədəbəy rayonundan Milli Məclisin üzvü olub. Keçmiş deputatın sözlərinə görə, 2023-cü ilin yayında Gədəbəyin Söyüdlü kəndində yerli əhalinin etirazları ilə bağlı kimisə qurban vermək lazım gəldiyindən onu seçiblər və bu üzdən, özünü "ekologiya məhbusu" adlandırır.
2023-cü ilin iyununda Söyüdlü sakinləri kənddəki qızıl zavodundan axan su vasitəsilə gölün zəhərlənməsinə və bunun da əhaliyə mənfi təsirinə etiraz ediblər. Həmin gün və sonradan saxlanan səkkiz nəfərə inzibati qaydada 20 günlük həbs cəzası verilib. Dörd nəfər kənd sakini haqqında isə narkotik ittihamı ilə cinayət işi başlanıb və onlar uzunmüddətli həbsə göndəriliblər.
Rüşvətlə plastik cərrah sertifikatı verməkdə təqsirləndirilən vəzifəlilərin işi məhkəməyə göndərilib

Baş Prokurorluq Səhiyyə Nazirliyinin bəzi vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə ibtidai istintaqı yekunlaşdırdığını bildirir. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində əməliyyat-axtarış tədbirləri ötən ilin sonunda aparılmışdı.
Nazirlikdə müxtəlif vəzifələrdə çalışmış bir neçə şəxsin qanunsuz olaraq həkimlərin ixtisaslarının dəyişdirilməsi, plastik cərrahiyyə fəaliyyəti ilə məşğul olmaq hüququ verən sertifikatlarla təmin olunması və bunların qarşılığında çoxsaylı şəxslərdən müxtəlif məbləğlərdə rüşvət alınmasına əsaslı şübhələrin müəyyən edildiyi bildirilir.
Sözügedən şəxslərə xeyli miqdarda cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda rüşvət alma, nüfuz alveri, vəzifə saxtakarlığı və digər maddələr irəli sürülüb. Barələrində ev dustaqlığı (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) növündə qətimkan tədbirləri seçilib.
Bu maddələr üzrə maksimum 12 il həbs cəzası kəsilə bilər.
Təqsirləndirilən şəxslərin və ya onların vəkillərinin ittihamlara münasibəti bəlli deyil.
Son zamanlar Azərbaycanda plastik əməliyyat edən bəzi həkimlərin buna səlahiyyətlərinin olmaması ilə bağlı məsələlər geniş müzakirə olunur. Bu sahədə bir sıra həkimlərin heç müvafiq diplomunun olmadığı iddia edilib. Səhiyyə Nazirliyi ötən ilin dekabrında bu müraciətləri araşdırmaq məqsədilə səhiyyə nazirinin əmri əsasında xüsusi işçi qrup yaradıldığını bildirib.
Kadırovun oğlu Qəzza ilə məşğul olacaq

Çeçenistan rəhbəri Ramzan Kadırovun 17 yaşlı oğlu Adəm Kadırov Qəzza sakinlərinə humanitar yardımın kuratoru təyin edilib. Bu barədə respublikanın dini və ictimai təşkilatlarla əməkdaşlıq departamentinin "Teleqram" kanalı məlumat yayıb.
Məlumatda bildirilib ki, çatdırılmanın təşkili və prosesə nəzarəti Çeçenistan rəhbərinin müşaviri Usman Baysultanov həyata keçirəcək, vəsaitin toplanmasını isə "Xayra", "Daymohk" və "Ayub" xeyriyyə təşkilatları reallaşdıracaq.
Bu ilin aprelində məlum olub ki, A.Kadırov Çeçenistan Təhlükəsizlik Şurasının katibi təyin olunub. O, həm də atasının mühafizə şöbəsinin rəisi və Ukraynada döyüşən iki batalyon — "Şeyx Mənsur" və "Baysanqur Benoevski" batalyonlarının, həmçinin Qudermesdə Vladimir Putinin adına Rusiya Xüsusi Təyinatlıları Universiteti və Çeçenistan Daxili İşlər Nazirliyinin kuratorudur.
Adəm həmçinin "Çeçenistan Qəhrəmanı" adına layiq görülüb və adı Rusiyanın Rekordlar Kitabına daxil edilib (Rusiya Federasiyasının subyektinin təhlükəsizlik xidmətinin ən gənc rəhbəri kimi).
Gənc Kadırov İslamın müqəddəs kitabı "Quran"ı yandırmaqda ittiham olunan Nikita Juraveli istintaq təcridxanasında döydükdən sonra mükafatlar almağa və yüksək vəzifələrə təyin olunmağa başlayıb. 2024-cü ilin fevralında Juravel dini hissləri təhqir etməkdə, həmin ilin noyabrında isə dövlətə xəyanətdə təqsirli bilinib. Onun ümumilikdə 14 il həbsdə qalacağı barədə məlumat yayılıb.
Qaqauziya rəhbəri Yevgeniya Qutsula 7 il həbs verildi

Kişinyov məhkəməsi Qaqauziyanın rəhbəri Yevgeniya Qutsulu 7 il müddətinə azadlıqdan məhrum edib. O, 2023-cü ildə konstitusiyaya zidd elan edilmiş rusiyayönlü "Şor" partiyasını qanunsuz maliyyələşdirməkdə təqsirli bilinib.
İstintaqın məlumatına görə, Y.Qutsul "Şor" partiyasının katibi olaraq 2019-cu ildən 2022-ci ilə qədər Rusiyadan Moldovaya müntəzəm olaraq pul gətirib. Bundan əlavə, o, partiyanın maliyyələşdirilməsi üçün mütəşəkkil cinayətkar qrupdan məqsədli şəkildə 42.5 milyon ley (2.4 milyon dollar) məbləğində pul almaqda ittiham olunub.
Qutsul son sözündə barəsində bəraət hökmünün çıxarılmasını istəyib. O, Moldovaya bir ley də gətirmədiyini bildirib, 16 və 3 yaşlı iki övladının olduğunu xatırladıb. Onun vəkili isə qeyd edib ki, qanun analara azyaşlı uşaqlarının səkkiz yaşı tamam olduqdan sonra cəza çəkməsinə icazə verir.
Məhkəmə həmçinin Y.Qutsulun 40 milyon leyi geri qaytarması barədə hökm çıxarıb. İstintaq məlumatlarına görə, bu məbləğ "Şor" partiyasının qanunsuz maliyyələşdirilməsi üçün istifadə olunub. "Şor" partiyasının digər katibi Svetlana Popan isə partiyanın qanunsuz maliyyələşdirilməsində iştirakda təqsirli bilinərək ilə 6 il azadlıqdan məhrum edilib.
Qaqauziya Moldovanın cənubunda yerləşən təxminən 130 min əhalisi olan muxtar ərazi qurumudur. 2023-cü ilin mayında Qutsul sonradan konstitusiyaya zidd elan edilən "Şor" partiyasından namizəd kimi regional başqan seçkisində qalib gəlib.
2024-cü ilin oktyabrında Avropa İttifaqı ona qarşı sanksiyalar tətbiq edib. Y.Qutsul Qaqauziyada separatizmi təşviq etmək, Rusiya ilə sıx əlaqələr, "konstitusiya quruluşunu devirməyə cəhd, Moldovanın suverenliyini və müstəqilliyini təhdid etməkdə ittiham olunub.
2025-ci ilin martında saxlanıldıqdan sonra Y.Qutsul Rusiya prezidenti Vladimir Putindən Moldova hökumətinə təzyiq göstərmək üçün diplomatik, siyasi və hüquqi mexanizmlərdən istifadə etməsini xahiş edib.
Moskva orta və qısamənzilli raketlərə moratoriumu ləğv edir

Rusiya rəsmi şəkildə orta və qısamənzilli raketlərin yerləşdirilməsinə dair birtərəfli moratoriumdan imtina etdiyini açıqlayıb. Rusiya Xarici İşlər Nazirliyinin (XİN) avqustun 4-də yaydığı rəsmi bəyanatında qeyd olunub ki, Moskva bu addımı kollektiv Qərbin Rusiya sərhədlərinə yaxın bölgələrdə "sabitliyi pozan" raket imkanlarını artırmasına cavab olaraq atır. XİN bildirib ki, Kreml raketlərin yerləşdirilməsi ilə bağlı qərarını Amerika və digər Qərb ölkələrinin orta və qısamənzilli raket fəaliyyətlərinin təhlili əsasında verəcək.
Bu tip silahlar 2019-cu ilə qədər 1987-ci ildə imzalanmış müqavilə ilə məhdudlaşdırılırdı. Lakin ABŞ Rusiyanın "İskəndər" komplekslərindən biri üçün nəzərdə tutulan raketin müqavilənin şərtlərini pozduğunu bildirərək bu müqavilədən çıxdığını elan etmişdi.
Moskva isə bildirmişdi ki, əgər NATO bu cür raketləri yerləşdirməzsə, Rusiya da öz orta və qısamənzilli raketlərini müvafiq regionlarda yerləşdirməyəcək. 2019-cu ildə Rusiya prezidenti Vladimir Putin Qərb ölkələrinə bu tipli raketlərin yerləşdirilməsinini məhdudlaşdıran moratoriuma qoşulmağı təklif etmişdi. Lakin dekabrda Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu məhdudiyyətləri "yararsız" adlandırıb.
Kreml daha əvvəl də müqavilə ilə qadağan olunmuş yeni raketlərin istehsalı üzərində işləməyə başladığını bəyan edib. Rusiya bildirir ki, bu addımlar ABŞ-nin Almaniyada yerləşdirməyə hazırlaşdığı raketlərə cavab olaraq atılır. Berlin isə ABŞ raketlərinin yerləşdirilməsini Rusiyanın Ukraynaya təcavüzü ilə əlaqələndirir və onları Rusiyanı cilovlamaq üçün nəzərdə tutulmuş vasitə adlandırır.
Orta və qısamənzilli raketlər (RSMR) qurudan atılan və 500-dən 5 min 500 kilometrədək məsafə qət edə bilən ballistik və qanadlı raketlərdir. Bu raketlər adətən nüvə başlığı daşımaq qabiliyyətinə malik olurlar.