Ukraynanın işğal olunmuş Luqansk vilayətində Rusiyanın təyin etdiyi Təhsil və Elm Nazirliyi axtarış funksiyalı məlumat bazası yayımlayıb. Bu bazada ukraynalı yetim uşaqlar övladlığa götürülməyə "hazır" kimi təqdim olunub.
"Meduza" nəşri xəbər verir ki, məlumat bazasında 17 yaşından kiçik 294 uşağın profili yer alır. Hər profilə uşağın adı, fotosu, şəxsiyyəti və maraqları barədə qısa təsvir daxildir. İstifadəçilər profilləri cins, yaş, göz və saç rəngi, həmçinin uşağın bacı-qardaşının olub-olmamasına görə filtrləyə bilirlər.
"Onların uşaqlarımızı təsvir etmə tərzi kölə kataloqundan fərqlənmir. Bu, müasir dövrün uşaq alveridir və dünya buna son qoymalıdır", - "Ukraynanı Qoru" (Save Ukraine) təşkilatının rəhbəri Mikola Kuleba bildirib.
Kulebanın sözlərinə görə, verilənlər bazasında yer alan uşaqların çoxu Rusiya qüvvələri Luqanskı işğal etməzdən əvvəl doğulub və Ukrayna vətəndaşlığına malikdir. Onların bəziləri Rusiya hücumları nəticəsində valideynlərini itirib, digərlərinə isə onların köçürülməsini qanuniləşdirmək məqsədilə Rusiya sənədləri verilib.
"Novaya qazeta" xəbər verir ki, analoji övladlığa götürmə məlumat bazası daha əvvəl 2021-ci ildə "Luqansk Xalq Respublikası" Əmək Nazirliyinin saytında dərc edilib.