Rumıniya Azərbaycandan aldığı neftin çirklənməsində Rusiya izini araşdırır

Türkiyənin Aralıq dənizi sahilindəki Ceyhan limanında neft çənlərinə qoşulmuş borular.

Rumıniya hakimiyyət orqanları "OMV Petrom"un "Petrobrazi" neft emalı zavodu üçün nəzərdə tutulmuş Azərbaycan xam neftinin qəsdən çirklənməsində Rusiyanın potensial təxribatını araşdırır. Bu barədə G4media.ro məsələ ilə bağlı məlumatlı mənbələrə istinadən yazıb.

Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Azərbaycandan Rumıniyaya daşınan xam neftin tərkibində təhlükəli dərəcədə yüksək miqdarda xlor aşkar edilib. Bildirilib ki, çirklənmə neft emalı zavodunun infrastrukturunda ciddi korroziyaya, bununla da milli yanacaq təchizatında böhrana səbəb ola bilərdi.

"OMV Petrom" yaydığı açıqlamasında çirklənmənin planlı keyfiyyət yoxlamaları zamanı aşkar olunduğunu bəyan edib. 1700 kilometrlik Bakı–Tbilisi–Ceyhan boru kəmərinin operatoru olan "BTC Pipeline Company" də insidenti təsdiqləyib.

G4media.ro saytının istinad etdiyi mənbələrə görə, çirklənmə boru kəmərinə xlor maddəsinin yeridilməsi yolu ilə həyata keçirilə və bu, Rusiya tərəfindən hibrid müharibə taktikası kimi qiymətləndirilə bilər.

Eyni partiyaya aid çirklənmiş xam neft digər Avropa ölkələrinə də çatıb.

İtaliyanın enerji şirkəti ENI "Reuters" agentliyinə təsdiqləyib ki, onun emal zavodlarından biri çirklənmiş xam neft qəbul edib.

Eyni xam nefti emal etməli olan Çexiyanın "Orlen Unipetrol" şirkəti isə mümkün zərərlərin qarşısını almaq məqsədilə fəaliyyətini müvəqqəti dayandırıb.

Rumıniya hökuməti hadisəyə görə məsul olan tərəflərin kimliyini rəsmi şəkildə açıqlamayıb. Lakin təhlükəsizlik mənbələri bu hadisəni enerji infrastrukturuna yönəlmiş düşmən xarakterli sabotaj aktlarının əvvəlki nümunələri ilə müqayisə edir.