Moskva Ukrayna qüvvələrinin Donetsk və Luqanskdan çıxarılmasını tələb edir

Donetskdə döyüşlər.

Moskva Ukrayna Silahlı Qüvvələrinin Donetsk və Luqansk vilayətlərindən çıxarılmasını tələb edir. Əvəzində isə Rusiya ordusu Zaporojye və Xerson vilayətlərində hücum əməliyyatlarını dayandıracaq. "Bloomberg" yazır ki, bu tələblər Ukraynada sülhün təmin olunması məqsədilə mümkün razılaşma çərçivəsində səsləndirilir.

Agentliyin məlumatına görə, belə bir razılaşma Rusiya və ABŞ prezidentləri - Vladimir PutinDonald Tramp arasında keçiriləcək görüşdə müzakirə olunacaq. Bu görüşün gələn həftə baş tuta biləcəyi bildirilir. ABŞ-nin Kiyevin və Avropadakı müttəfiqlərinin razılığını almağa çalışdığı vurğulanır.

Mənbələrə görə, razılaşmanın məqsədi münaqişəni dondurmaq və uzunmüddətli sülh danışıqlarına yol açmaqdır. "Bloomberg" qeyd edir ki, Ukrayna və Avropanın bu planı qəbul etməsi məsələsi, hələlik, qeyri-müəyyəndir.

Putin və Trampın görüşünə hazırlıq barədə məlumat bir gün əvvəl yayılıb. Moskva görüşün keçiriləcəyi məkanın artıq seçildiyini bildirir, lakin Vaşinqton bunu təsdiqləmir.

"Sky News" və "Fox News" öz mənbələrinə istinadla Tramp-Putin görüşünün Vatikanda keçirilə biləcəyini iddia edir. TASS-ın mənbələri isə bu ehtimalı inkar edir.

2022-ci il fevralın 24-də Rusiya Ukraynaya yenidən təcavüzə başlayıb. 11 il əvvəl də Rusiya Ukraynanın bir hissəsini-Krımı tutmuşdu.

2022-ci ildə V.Putin Ukraynanın dörd vilayətinin (Donetsk, Luqansk, Zaporojye və Xerson) Rusiyanın tərkibinə qəbulu haqqında konstitusiya qanununu imzalayıb.

Hazırda Ukrayna ərazisinin 20 faizindən çoxu, o cümlədən Luqansk vilayəti faktiki tam, Donetsk, Zaporojye və Xerson vilayətlərinin isə çox hissəsi işğal altındadır.