Keçid linkləri

2025, 09 Avqust, şənbə, Bakı vaxtı 09:23

'Bu sənədlə hələ ki regiona sülh gətirilməyib' - Ekspert


Azərbaycan prezidenti İlham Əliyev, ABŞ prezidenti Donald Tramp və Ermənistan baş naziri Nikol Paşinyan Ağ evdə imzaladıqları Birgə Bəyannaməni nümayiş etdirirlər.
Azərbaycan prezidenti İlham Əliyev, ABŞ prezidenti Donald Tramp və Ermənistan baş naziri Nikol Paşinyan Ağ evdə imzaladıqları Birgə Bəyannaməni nümayiş etdirirlər.

Vaşinqtonda Azərbaycan və Ermənistan liderləri sülh müqaviləsinin mətnini paraflayıblar. Avqustun 8-də Oval ofisdə ABŞ prezidentinin iştirakı ilə onlar görüşün nəticələri haqda bəyannamə imzalayıblar. Bəyannaməyə əsasən, Ermənistanın cənubundan keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqə yaranacaq. TRIPP adlanan bu marşrut Ermənistanın suverenliyini, ərazi bütövlüyünü və yurisdiksiyasını qoruyub saxlayacaq. ATƏT-in Minsk qrupunun fəaliyyətinin dayandırılması üçün müraciət ediləcək.

ABŞ prezidenti Donald Tramp deyib ki, tərəflər 30 ildən çox idi ki savaşırdı, artıq dostdurlar və uzun müddət dost qalacaqlar. Onlar bir birinin ərazi bütövlüyünə hörmət etmək öhdəliyi götürüblər.

Ardınca söz alan prezident İlham Əliyev deyib ki, bu gün burada baş verənlər daimi sülhlə nəticələnəcək.

Ermənistanın baş naziri Nikol Paşinyan da vurğulayıb ki, əldə olunan razılaşma hər iki ölkə və region üçün uğurdur.

Rauf Mirqədirov
Rauf Mirqədirov

"Qlobal qarşıdurmanın nə ilə bitəcəyini bilmirik"

Siyasi şərhçi Rauf Mirqədirov üçtərəfli imzalanan sənədlə bağlı bildirir ki, kommunikasiya xətlərinin açılması bu regionun "Orta dəhliz"ə çıxışını mümkün edəcək ki, bu nəticənin müsbət tərəfidir. Sülhə gəlincə, o düşünür ki, bu sənədlə hələ ki regiona sülh gətirilməyib və ən vacib sual açıq qalır: "Cənubi Qafqaz respublikalarının, o cümlədən, Gürcüstanının təhlükəsizliyinə ciddi təhdidlər var. Bu təhdidlərin neytrallaşdırılması məsələsi həllini hələ ki tapmayıb. ABŞ-nin iştirakı vacib məsələdir, amma tam həllini tapmayıb. Biz hələ ki qlobal qarşıdurmanın nə ilə bitəcəyini bilmirik, bundan çox şey asılıdır".

Lourens Broers
Lourens Broers

"Rusiyanın layihəsi olmaqdan çıxarılıb"

Britaniyada mənzillənən "Chatham House"un Şimali Qafqazda sülh və münaqişələr mövzusunda araşdırmaçısı Lourens Broers Ağ evdəki sülh sammitinin nəticələrini "böyük irəliləyiş" adlandırmağa tələsmir. AzadlıqRadiosuna görüşün nəticələrini şərh edərək deyib ki, əldə olunan razılıqlarla bağlı bir çox detallar hələ bəlli deyil: "TRIPP marşrutu "Zəngəzur koridoru"nun yenidən adlandırılmasıdır və bu, Rusiyanın nəzarətində olan layihə formasından çıxarılmasıdır. Ermənistanla Azərbaycanın ötən bu illər ərzində razılaşdığı bir məsələ vardısa, o da aralarındakı münaqişənin idarə olunmasının Rusiyanın monopoliyasında olmaması idi. İndi bunu müsbət nəticə kimi qiymətləndirmək olar. Ancaq bu marşrutun necə işləyəcəyi ilə bağlı Azərbaycan və Ermənistanın perspektivləri hələ də bir-birindən fərqli görünür və bu fərqliliyin necə nəticələnəcəyini indidən demək çətindir".

"Bu, Azərbaycanın təkid etdiyi koridordurmu?"

Beynəlxalq Böhran Qrupunun Cənubi Qafqaz üzrə məsləhətçisi Konul de Mur AzadlıqRadiosuna deyir ki, avqustun 8-də Ağ evdə baş verənləri sülhün başlanğıcı hesab etmək olar. Lakin hələ ki, bəzi məsələlərlə bağlı qaranlıq məqamlar var: "Qarşıdakı günlərdə bizim həmin yol və ya koridor haqqında daha çox məlumatımız olacaq. Bu, hələ də Azərbaycanın təkid etdiyi koridordurmu? Qaydalar, tənzimləmələr necə olacaq? Sərhədlər necə açılacaq? Bu məsələlər həllini tapıbmı? Bütün bunları bilmək çox vacibdir. Razılaşma üçün digər maneələrdən biri Azərbaycan tərəfinin Ermənistan konstitusiyasında dəyişiklik etməsi tələbidir. Məlumatlara görə, bu dəyişiklik 2027-ci ilə qədər çəkə bilər. Bu tələb də sülh müqaviləsinin önündəki əngəllərdən biri ola bilər".

Konul de Mur əlavə edir ki, ümumilikdə tərəflərin sülhün əldə edilməsi üçün işləmək arzularını ifadə etməsi özü çox müsbət haldır.

Ağ evdəki sülh sammitində ABŞ prezidenti Azərbaycanın əsas hissəsini Naxçıvan eksklavı ilə birləşdirəcək "Tramp marşrutu"nun 99 illiyə ABŞ-yə verilməsini nəzərdə tutan saziş imzalandığını bildirib. Azərbaycana hərbi yardıma qadağanın da qaldırıldığını deyib.

XS
SM
MD
LG